Qadın gözəlliyi üçün qızıl maye!

Qədim yunanlar nahaq yerə zeytun yağını "qızıl maye", misirlilər isə təbiətin qiymətli hədiyyəsi hesab etməyiblər.  Onun tərkibində A, D, E, K vitaminləri vardır. Bu vitaminlər antioksidant təsirə malik olub, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə yardım edir, hüceyrələrin inkişafını stimullaşdırır. Onun tərkibindəki maddələr xolesterinin bağırsaqda mənimsənilməsinə maneçilik yaradır. Zeytun yağının dərini cavanlaşdırması isə çoxdan təsdiqlənmiş faktdır.

 

Zeytun yağı ən sağlam məhsullardan biri də hesab edilir. Əbəs  yerə bu yağ Aralıq dənizi pəhrizinin tərkibində özünəməxsus yer tutmayıb. Zeytun yağı həm də ən təhlükəsiz məhsul ona görə hesab edilir ki, onun istifadəsi ilə bağlı heç bir sərt məhdudiyyət də yoxdur.

 

Bu unikal məhsul kosmetologiyada da geniş istifadə edilir. Çünki zeytun yağı dərini gözəlləşdirir, saçları parlaq edir.

 

Üzün dərisinin təmizlənməsi üçün zeytun yağından gel hazırlamaq olar.

 

Geli hazırlamaq üçün lazım olan komponentlər bunlardır:

 

- 4 xörək qaşığı aloe şirəsi

 

- 4 xörək qaşığı zeytun yağı

 

- limon, nanə, çay ağacı və badam yağlarının hər birindən 1 çay qaşığı

 

Bu yağları tünd rəngli şüşəyə tökün və soyuducuda saxlayın. Geldən istifadə qaydası çox sadədir. Pambığı gelə batırın və üzünüzü onunla silin.

 

Bu geli sürtdükdən sonra aşağıdakı maskanı da 30 dəqiqə dəridə saxlamaqda fayda var.

 

Bir bananı əzin, təzə xiyarı süzgəcdə sürtün. 2 xörək qaşığı zeytun yağını da bu kütləyə əlavə edin.

 

Yeri gəlmişkən, bu geldən istifadə üz dərisində qara nöqtələrin yaranmasının qarşısını alır. Ən əsası bu geldən yağlı dəriyə sahib olanlar da istifadə edə bilər.

 

Bundan başqa, zeytun yağı dişləri ağartmağa kömək edir!  Dəniz duzuna bir-iki damcı zeytun yağı tökün və ehtiyatla dişləri sürtün. Sonra təbii ki, ağzınızı su ilə yaxalayın.

 

Zeytun yağını qəhvə və ya yulaf dənəcikləri ilə birləşəndə sifət və bədən üçün gözəl skrab rolunu oynayır.

 

Zeytun yağı göz ətrafı dəri üçün də ən münasib vasitədir. Adsız barmaqla və yumşaq hərəkətlərlə zeytun yağını göz ətrafı dəriyə çəkin və 30 dəqiqə gözləyin. Artıq yağı kağız salfetlə götürün. Əgər hər axşam bu proseduranı etməyi unutmasanız  "qaz ləpiri" adlanan göz ətrafı qırışdan azad olarsınız.

 

Zeytun yağı ilə dərini canlandıran, liftinq-effektinə malik olan maska da hazırlamaq mümkündür.  1 çay qaşığı zeytun yağına, xama, kök və limon şirəsi və 1 xörək qaşığı maya əlavə edib. İnqrediyentləri yaxşıca qarışdırdıqdan sonra maskanı 10-15 dəqiqə sifətinizdə saxlayın, sonra soyuq su ilə yuyun. Bir ay ərzində həftədə 2-3 dəfə bu maskadan istifadə etsəniz nəticəyə inanmayacaqsınız.

 

Vannaya tökülən bir neçə damcı zeytun yağı bədən dərisini qidalandırır, kövrək dırnaqlar möhkəmləndirir. Hələ qədim zamanlarda gözəl qadınlar vanna qəbul etmədən öncə bədən dərisinə zeytun yağı çəkirdilər. Bununla da dərinin yumşaq və zərif qalmasına nail olurdular.

 

Zeytun yağı dəri çapıqları, izləri ilə mübarizədə də kömək edir: Zədələnmiş dəri nahiyələrinə yağı çəkin, dəsmalla həmin bölgəni masaj edin.  10 dəqiqə sonra ilıq su ilə yuyun.

 

Ələ kartofdan hazırlanan maska çəkib, yuduqdan sonra əllərə zeytun yağı çəkmək tövsiyə olunur. Əgər əllərin dərisi həddindən artıq qurudursa, əlləri isti zeytun yağında saxlamaq çox kömək ola bilər.

 

Zeytun yağı saçlara qulluq üçün əvəzolunmazdır! Gənəgərçək və  zeytun yağlarının qarışığı kəpəklə mübarizə üçün gözəl vasitədir.

 

Saçların parlaqlığı üçün  maska resepti belədir: Bir yumurta sarısını 1 xörək qaşığı zeytun yağı, bir limon şirəsi və 1/2 stəkan pivə ilə qarışdırın. Maskanı saçda 5 dəqiqə saxlayın, sonra adi qayda da yuyun.  Bu maskadan müntəzəm istifadə edildikdə tükün kökü qıdalanır.

 

Zeytun yağlı daha bir sadə maska: İlıq zeytun yağını saça çəkin. Başınıza sellofon papaq taxım. 30 dəqiqə sonra adi qayda da saçları yuyun.  Bu maska saçın uzanmasına, baş dərisinin nəmlənməsinə kömək edir, saç uclarının qırılması və saç tökülməsi  kimi hallarla mübarizə aparır.

 

Saç üçün zeytun yağlı maska reseptlərinin sayı həddindən artıq çoxdur.

 

Haçalanan saç ucları üçün maska resepti:  2 xörək qaşığı zeytun yağını 1 xörək qaşığı sirkə və bir yumurta ilə qarışdırın, maskanı bir az isidin. Saç uçuna çəkilən maskanı 30-40 dəqiqədən sonra yuyun.

 

Saçları möhkəmləndirən maska: 2 xörək qaşığı balı 3 xörək qaşıq zeytun yağı ilə qarışdırın, saçlara çəkin, 30 dəqiqə sonra yuyun.

Niyə Zeytun yağı?

Zeytun yağlarının faydalarını

KƏŞF ET